saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Abbas Bağırov: "18 illik münasibətimizdə qətiyyən soyuqluq yaranmayıb" - FOTO

ÇapE-poçt

Abbas Bağırovun müsahibəsini oxucularına təqdim edirik.

- Sənət dünyasında sizi söz-söhbətlərdən uzaq gəzən məşhur kimi qəbul edirdilər. Keçən həftələrdə bəzi həmkarlarınızın ünvanına dediyiniz kəskin fikirlər, adınızın qarşısına qalmaqallı müğənni sözlərini də yazdırdı. Amma iki gün öncə qarşılaşdığımız məclisdə apardığımız müşahidələrə əsaslanaraq, heç cür sizi qalmaqallı məşhur adlandıra bilmədik... Sənətçilərlə mehribancasına öpüşüb-görüşdünüz. Deyəsən, əsəblərinizi tez soyutmağı yaxşı bacarırsınız...

- Bu, mehribançılıq deyil. İstəmirəm mənim kimləsə münasibətimin olub-olmamasından dinləyicilərim xəbərdar olsunlar. Çünki bu problemin onlara heç bir aidiyyatı yoxdur. Məncə, saytınızın oxucularını da mənim sənətim, yaradıcılığım daha çox maraqlandırmalıdır. Avtomobil, mal-mülküm mənə məxsusdur. Hansısa həmkarımla münasibətim sıfır dərəcəsindədirsə, bunu tamaşaçıya göstərməməliyik. Əsla haqsız yerə insanlar haqda pis nəsə danışmıram. Ailəmdə aldığım tərbiyə buna yol verməz. Yox, əgər kimsə həddini aşarsa, məndən cavabını kamera qarşısında deyil, başqa yerdə, özü də layiq olduğu şəkildə alıb, alacaq da. Ona görə də heç kim həddini aşmasın.

- Zaman-zaman belə səhv buraxanlar çox olub?

- Əlbəttə, səhv buraxanlar olub. Kənardan o səhvin nəticəsini gözləmişəm. Mənə qarşı ədalətsiz davranan insanlardan daim uzaq olmağa çalışıram. Gözləmirəm, ikinci səhvini də buraxsın. Ən yaxşısı odur ki, nankor insanlarla münasibətdə olmayasan, onlardan kənar gəzəsən. İncəsənət aləmində iki-üç dost bildiyim həmkarım var. Onları sənətdə qazandıqları uğurlarına görə seçməmişəm. Əsl insani keyfiyyətlərinə dəyər verib, hörmət edirəm. Bəzi şou-biznes adamlarındansa ümumiyyətlə uzaq dayanmağa çalışıram. Onların toplandığı məclislərdə çox vaxt qeybət etmək müzakirə mövzusuna çevrilir. Özüm şahidi olmuşam ki, bir masa ətrafında əyləşən insanlar başqa birinin qeybətini vatsapda yazışmaqla edirlər. Xarakterim icazə vermir ki, kiminsə arxasınca danışım. Sözüm də olanda birbaşa həmin adamın üzünə deyirəm. Deyim ki, jurnalistlərlə də məsafə saxlamağı öyrənmişəm. Sevmədiyim, bilirsiniz, nədir? Sual edirlər ki, filan müğənni bunu elədi, başqa biri ona belə cavab verdi. Abbas Bağırovun buna münasibətini necədir? Axı nə üçün mən kiminsə etdiyi səhv və ya düz addımına şərh bildirməliyəm? Bu o, sənətçinin öz işidir. Hamı özünə cavabdehdir. Şəxsi işə qarışmaq düzgün deyil.

- Nə qədər danışmaq istəməsəniz də oxuculara Abbas Bağırovun şəxsi həyatında baş verən hadisələri bilmək çox maraqlıdır...

- Mən özəllərim barəsində danışmamaqda qərarlıyam. Şəxsi həyatımla gündəmdə qalmağı sevmirəm. Çox xahiş edirəm, bu sualı cavabsız qoymağıma hörmətlə yanaşasınız.

- Yəqin, elə buna görədir ki, İnstagramın fəal istifadəçiləridən biri kimi çox vaxt idman edərkən görüntülərinizi paylaşırsınız

- Özəl həyat adından da göründüyü kimi mənə məxsusdur. İnstagrama gəlincə, sevmirəm hansısa məclis və tədbirdə olduğum zaman fotolar çəkib bir-birinin ardınca paylaşım edim. Əgər söhbət sosial şəbəkələrdən düşdüsə, bir daha vurğulamaq yerinə düşər ki, İnstagramdan başqa heç yerdə qeydiyyatdan keçməmişəm. Facebook və ya başqa sosial şəbəkələrdə adımla bağlı profillər qarşınıza çıxsa, bilin ki, mən deyiləm.

- Həmkarınız, həm də ən yaxın dostunuz olan əməkdar artist Röya Ayxanla birgə İnstagramda maraqlı paylaşımlar edirsiniz. Başqa dost bildikləriniz bu mehribanlığınızı qısqanmır?

- Röya ilə dostluğumuz səmimi münasibət üzərində qurulub. Və maşallah olsun, illərdir çox gözəl şəkildə davam edir. Kiməsə sübut etmirəm ki, baxın Röya mənim dostumdur və s. Biz bir-birimizlə tanış olanda nə o populyar idi, nə də mən. 18 illik münasibətimizdə qətiyyən soyuqluq yaranmayıb. Məncə, bu mehribanlığa sevinənlərin sayı daha çoxdur.

- Röya Ayxan bu il mayın 5-dən 21-nə qədər Bakıda təşkil olunacaq 17 yaşadək futbolçulardan ibarət komandaların yarışında Avropa çempionatının ulduz səfiri seçilib. Deməli, hamıdan öncə onu təbrik edən də siz olmusunuz.

- Onun uğurlarına çox sevinirəm. Röya öz zəhməti ilə ucalmağı bacaran dostumdur. Mən əminəm ki, əməksevərliyi Röyanın uğurlarını davamlı edəcək. Yenidən ulduz səfiri seçilməsinə ürəkdən şad oldum. O gün olsun, xalq artisti adına layiq görülsün. Sənət yolunda nailiyyətlərə imza atmaq bu xanıma çox yaraşır. Mən çox məmnunam ki, həyatda onun kimi sadiq, güvənə bildiyim ürək sirdaşım var. Allah hamının işlərini avand eləsin, biz də onların içində. Unutmayaq ki, xoşbəxt olmaq, gözəl günlər yaşamaq öz əlimizdədir...

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Onlayn TV

Page Rank Check