saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Milli geyimlərimiz

ÇapE-poçt

Milli geyimlərimiz

Milli geyimlər milli mentalitetin fərqli tərəflərini və xalqın sarsılmaz etnik nişanələrini özündə əks etdirir.

Xalqın etnik özünməxsusluğunun və yaradıcılığının bədii xüsusiyyətlərini, onların müxtəlif formalarını, bədii naxışlarını min illərdir uğurla daşıyan bu geyimlərin xırda özəllikləri və qədim tarixləri haqda ətraflı məlumatı sizə təqdim edirik.

Azərbaycan və Şirvan əyaləti XVII əsrdə Yaxın Şərqin ipəkçilik anbarı sayılırdı. Bundan başqa Şamaxı, Basqal, Gəncə, Şəki, Şuşa rayonlarında da ipək istehsalı yüksək səviyyədə idi. Bu rayonlarda ipəkdən çox qəşəng, bəzəkli, naxışlı, zərif qadın örpəkləri hazırlanırdı.
Geyimin üslubu onun sahibinin ailə vəziyyətini və yaşını əks etdirirdi. Subay qızların geyimləri, evli qadınların geyimlərindən fərqlənirdi. Cavan qızlar daha parlaq və qəşəng geyinərdilər. Kişi və qadın geyimləri Azərbaycanın bütün etnik, tarixi zonalarında eyni idi. Bununla belə kişi geyimləri sahibinin sinfini də əks etdirirdi. Uşaq geyimləri formasına görə böyük geyimləri ilə eyni idi. Onlardan yalnız bəzi xüsusiyyətləri və təbii ki, ölçüləri ilə fərqlənirdi.
Azərbaycan qadın geyimi XIX-XX əsrlərdə alt və üst geyimlərdən ibarət idi. Üst geyimi isə öz növbəsində çiyinüstü və belüstü geyimlərinə ayrılırdı. Qadın çiyinüstü geyimlərinə üst köynək, arxalıq və çəpkən daxildir.
Üst köynəyi - çiyinüstü, düz biçimli, çiyni tikişsiz və rəngbərəng qoltuqaltından ibarət geyimdir. Bu köynəklər əsasən qanovuz və fay ipək parçalarından tikilirdi.
Çəpkən - çiyinüstü, astarlı və yalançı qolları olan qadın üst geyimidir. Bu geyim tirmədən, məxmərdən və bir neçə növ ipək parçadan tikilirdi.
Arxalıq - çiyinüstü, uzun, beli ensiz gödəkçədir.
Ləbbadə - çiyinüstü üst gödəkçəsidir. Bu geyim sırıqlı astarda olur. Tirmədən, məxmərdən və başqa parçalardan tikilirdi.
Güləcə - qadın çiyinüstü üst geyimidir. Bu geyim də astarlı olur və tirmədən, məxmərdən tikilir.
Baharı - sırıqlı astarda qadın çiyinüstü üst geyimidir. Əsasən məxmərdən tikilirdi.
Kürdü - qadın üst geyimidir. Bu geyim tirmədən, məxmərdən tikilirdi. Xəz dəri və sıx naxışlarla bəzədilirdi.
Eşmək - tirmədən və məxmərdən tikilən sırıqlı qadın üst geyimidir. Bu geyimin yaxası, ətəyi və qolları safsar xəzdərisi ilə, qızılı şəbəkə torla və şəridlə bəzədilirdi. Qadın belüstü geyimi - bir neçə tumandan, cütbalaqdan və çaxçurdan ibarət idi. Şəhərlərdə qadın evdən çıxanda tumanın üstündən çaxçur geyərdilər.


Qadın baş geyimi

Qadınların baş geyimləri rənginə, gözəlliyinə və rəngarəngliyinə görə, olduqca cəlbedici və maraqlı idi. Bura ipək kəlağayılar, çalmalar, nar-nazı, təsək, ləçək, örpək, çadra və s. daxildir.
Baş geyimlərinin geniş yayılmış növlərindən biri ipək kəlağayı idi. Qeyd etmək lazımdır ki, onun örtülməsində yaş və sosial fərqlər mövcud olub: yaşlı qadınlar - ağ, bej (açıq sarı-qəhvəyi), açıq mavi rəngli kəlağayı örtüblər. Kəlağayıları müxtəlif cür bağlayırdılar. Digər qadın baş geyimi təsəkdir (onu qadın papağı adlandırırdılar). Təsəyi bəzəyən naxışın növündən asılı olaraq, onun müxtəlif adları mövcuddur: mirvari papaq, qızıl papaq, ayulduz. Təsəyin bir neçə funksiyası vardır: saç düzümünü qorumaq, saçları yad gözlərdən gizlətmək. Əsas təyinatı isə ondan ibarətdir ki, üstdən bağlanmış ipək yaylıq sürüşməsin. Onların üzərinə mirvari, möhürlənmiş fiqurşəkilli qızıl nişanlar düzür və ya qızılı tikməli naxışla bəzəyirdilər. Yaşlı qadın təsəklərinin kənarlarında çox zaman bafta və ya güləbətin naxışları olur. Təsəyin üstündən böyük ipək və ya pambıq yaylığın bir ucunu sallayıb, qalan uclarını arxada düyünləyirdilər.
Qadın geyiminin elementlərindən biri də xüsusi baş sarğısı - çutqu olub. Çutqu tündrəngli parçadan (qara və ya tünd göy sətin, atlas, çitdən və s.) hər iki tərəfdən açıq, ensiz örtük şəklində tikilirdi. Çutqunu başın ətrafında (eyni zamanda alnı da örtərək) ensiz lent şəklində bağlayırdılar. Onunla saçları və ya hörükləri yığaraq arxadan sallayırdılar. Bu, ev və çöl işləri zamanı rahat olurdu. Beləliklə, çutqu həm gigiyenik, həm də utilitar əhəmiyyət daşıyırdı. Çutqunun üstündən, bir qayda olaraq, yaylıq ya da ipək və ya pambıq örtüklər (çarşab, örpək, şal və s.) örtürdülər. Çutqu Azərbaycanda XX əsrin 40-ci illərinə qədər mövcud olub.
Cəmiyyətin zəngin zümrələri arasında naz-nazı və qaz-qazı kimi təntənəli günlərdə taxılan baş geyimləri çox olub. Onlarla qış vaxtı başı bağlayır və ya çiynin üzərinə sallayırdılar. Onlar isti üst qış geyimini əvəz edirdi .
Çalma və dingə digər baş geyimləri ilə müqayisədə daha az yayılanlar idi. Belə ki, onların bağlanması qadınların çox vaxtını alırdı. Çalmanı başa bağlanmış yaylığa və ya araqçına sarıyırdılar. Çalmanın üstündən bir yaylıq da örtürdülər. Bəzi regionlarda çalma başda xüsusi sancaqlarla bərkidilirdi. Yalnız Şirvanda çalmanın sarınmasının bir neçə üsulu məlum idi. Dingənin bağlanması üçün şaldan istifadə olunurdu. Dingə çalmadan daha mürəkkəb baş geyimi idi. O da çalma kimi başda sancaqla bərkidilirdi. Qadın baş geyiminin ən sadə elementi ləçək (düzbucaq və ya üçbucaqşəkilli yaylıq) idi. Ləçəyi ev işləri zamanı, eləcə də başa xına qoyanda bağlayırdılar. Şəhərlərdə qadınlar evdən çıxarkən bütün bədəni örtən çadra geyirdilər. Kəndli qadınlar çadranı çox nadir hallarda, yalnız hərdən kənddən uzaq məsafəyə gedəndə örtürdülər. Adətən baş üçün yaylıqla (yaşmaq) ağız və burnun bir hissəsini örtməklə kifayətlənirdilər.
Varlı qadınlar atlas, kasıblar isə sətin, bez və ya dama-dama sarpinkadan (nazik pambıq parça) müxtəlif çalarlı çadralar örtürdülər. Çadrayla yanaşı, şəhərlərdə qadınlar hərdən üzlərini göz üçün krujevalı torla gizlədirdilər.

 

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check